Baş infeksionist koronavirusla bağlı vətəndaşlara müraciət etdi
11 Mart
136

Baş infeksionist koronavirusla bağlı vətəndaşlara müraciət etdi

Koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya ilə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciət edib.

Səhiyyə Nazirliyindən daxil olan müraciətdə bildirilir ki, artıq bir ildən çox müddətdir ki, COVID-19 pandemiyası dünyanın hər yerində, o cümlədən ölkəmizdə də tuğyan edərək həyatımızı çətinləşdirmiş, xeyli sayda insanlarımızın xəstələnməsinə və itkilərə səbəb olub: "Pandemiyanın ilk günündən dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Təəssüflə qeyd etmək istərdik ki, virusa qarşı hələki effektiv bir dərman vasitəsi icad olunmayıb. Belə bir durumda pandemiya ilə mübarizənin ən önəmli yolu onun profilaktikasıdır. İlk aylarda bunlar yalnız müxtəlif gigiyenik qaydalara və karantin tədbirlərinə əməl olunması ilə məhdudlaşırdısa, artıq insanların xilası üçün daha effektiv və etibarlı vasitə olan vaksinlər tətbiq olunur. Yada salmaq istərdik ki, vaxtilə insanların kütləvi ölümünə səbəb olmuş təbii çiçək xəstəliyinə də məhz vaksinasiya yolu ilə qalib gəlinib. Vaksinasiya nəticəsində qızılca, difteriya, göy öskürək və s. kimi bir sıra infeksiyalarla xəstələnmə halları xeyli azalıb, yüz minlərlə insanların həyatı xilas edilib.

İndiyədək yeni koronavirus infeksiyasına qarşı müxtəlif vaksinlər hazırlanıb. Bəzilərinin hazırlanma metodları elmi tərəqqinin ən son nailiyyətlərinə əsaslanır. Artıq əminliklə deyə bilərik ki, hazırlanmış və tətbiqinə icazə verilmiş bütün vaksinlərin yetərli effektivliyi və təhlükəsizliyi aparılmış çoxsaylı elmi araşdırmalarla sübut olunub. Ölkəmizdə istifadə olunan peyvənd, təhlükəsizliyi və effektivlik dərəcəsi illərlə sınanmış ənənəvi üsulla, inaktivləşdirilmiş, yəni ölü virusdan hazırlanıb. Hər bir vaksinin yan təsirləri mövcuddur. Bu əsasən az hallarda rast gələn, zəif ifadə olunmuş və qısa müddətli, inyeksiya yerində mülayim ağrı hissi, qızartı, yüngül ümumi zəiflik, baş ağrıları, subfebril hərarət və s.-dir. Bu əlamətlər orqanizmin yeridilən yad maddələrə qarşı verdiyi təbii reaksiyasıdır və immun sistemin yetərli fəaliyyətini əks etdirir. Tətbiq olunan vaksinin qeyd olunan xüsusiyyətləri ölkə üçün vaksin seçimi zamanı bu sahənin əksər aparıcı alim və mütəxəssisləri tərəfindən nəzərə alınaraq dəstəklənib və müvafiq dövlət qurumlarına tövsiyə edilib. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Vaksinasiya Strategiyasına” əsasən artıq xeyli vətəndaşımız peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir".

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki dövlətimizin bu uğuruna kölgə salmaq istəyənlər də var. Son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə heç bir elmi əsası olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bu çür yoxlanılmayan şaiyələr tirajlanaraq insanlarda çaşqınlıq yaradır. Nəzərinizə çatdırmaq istərdik ki, Səhiyyə Nazirliyinə indiyənədək vaksin olunmuş insanlarda bu tip qeyri-adi ağırlaşmalar barədə heç bir məlumat daxil olmayıb. Bir daha əhalinin nəzərinə çatdırırıq ki, peyvənddən sonra hər hansı bir güclü reaksiya baş verərsə bu haqda mütləq qaydada müvafiq tibb qurumlarına müraciət etsinlər.

 

Artıq 400 mindən çox vətəndaşımız peyvənd olunub və hər gün vaksin olunmaq üçün minlərlə insan könülü olaraq müvafiq tibb idarələrinə müraciət edir. Sevindirici haldır ki, peyvənd olunanların sayı bir il ərzində bu infeksiya ilə xəstələnənlərin rəsmi statistik göstəricilərini üstələyib. Bu o deməkdir ki, yaxın gələcəkdə bu qədər insan infeksiyaya yoluxmayacaq və hətta az sayda yoluxmalar olsa belə onlar arasında ölüm halları baş verməyəcək. Ümid edirəm ki, tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik.

Şayiələrə deyil, elmi faktlara əsaslanaraq peyvənd kompaniyasında könüllü iştirak edək, bu infeksiyaya qalib gələk və normal həyatımıza qayıdaq!"