Sarıkök sümükləri möhkəmləndirir
15 İyul
487

Sarıkök sümükləri möhkəmləndirir

Sarıkökün bir çox faydalı və müalicəvi xüsusiyyətləri vardır. Bu populyar ədviyyatın tərkibində olan "kurkumin" adlı maddə güclü iltihab, antisklerotik və xərçəngəleyhinə təsirə malikdir.

Son elmi araşdırmalar sarıkökün sümüklərin sağlamlığı üçün olduqca faydalı olduğunu təsdiq edib.

Bunu Genuya Universiteti (İtaliya) alimləri araşdırmalar nəticəsində aşkar ediblər.

Eksperiment zamanı 6 ay ərzində orta yaşı 70 olan bir qrup insanlar tərkibində sarıkök olan qida əlavələri qəbul edirdi. Araşdırmadan əvvəl və 6 ay sonra bu insanlarda sümük toxumasının sıxlığı ölçülürdü. Məlum olub ki, eksperimentin sonunda iştirakçılarda sümük toxumasının sıxlığı 7% artıb.

İnsan yaşlaşdıqca sümük toxuması "əriməyə" başlayır ki, bu da osteoporozun inkişafına səbəb olur. Osteoporozun inkişafı gizli gedir və insan bunu hiss etmir. Osteoporoz çox ciddi ağırlaşmalar verir.  Bud sümüyünün boynunun sınığı osteoporozun ən ciddi ağırlaşması sayılır ki, bu travma yaşlı insanlarda əlilliyə və hətta ölümə səbəb ola bilər.