Amerikalı infeksionistdən koronavirusla bağlı xəbərdarlıq
15 Aprel
449

Amerikalı infeksionistdən koronavirusla bağlı xəbərdarlıq

“Peyvənd hazırlanana qədər insanlar qadağalara əməl etməsə koronavirusun yayılmasının qarşısını almaq mümkün olmayacaq”.

Fins.az xəbər verir ki, bunu həkim infeksionist, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin keçmiş rəhbəri Tom Friden “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqə verdiyi müsahibəsində söyləyib.

Friden bildirib ki, əhalinin virusla bağlı tətbiq edilən qaydalara əməl etməsi vacibdir. Belə ki, peyvəndin hazırlanması bir və ya iki il davam edə bilər.

“Əminliklə deyə bilərik ki, insanların çoxu hələ virusa yoluxmayıb. Nyu York kimi koronavirusun daha çox yayıldığı şəhərdə belə insanların böyük əksəriyyəti COVID-19 daşıyıcısı deyil. Buna görə də insanlar yenidən çölə çıxmağa başlasalar virus insandan insana ötürülməyə davam edəcək və onun yayılmasını eyni dərəcədə müşahidə edəcəyik”.

Mütəxəssis, hazırda hər hansı bir proqnoz verməyin çətin olduğunu söyləyib. Belə ki, virusun davranışının bir çox tərəfi hələ öyrənilməyib.

“Virusun digər hava şəraitində necə davranacağını, mutasiya olub-olmadığını, digər fəsillərdə də ölümcül olaraq sürətlə yayılacağını bilmirik. Ancaq bu günə qədər apardığımız müşahidələrə əsasən, insanlar yenidən ictimai həyatlarını bərpa etsə virusun yayılması yenidən aktivləşəcək. Buna görə də əhalinin ən həssas təbəqələrini - yaşlı nəsil insanları və xroniki xəstəliklərdən əziyyət çəkənləri koronavirusun təsirindən qorumaq çox vacibdir”.

©Report