Azərbaycanın koronavirusla mübarizədə keçdiyi yol - VİDEO
14 Aprel
794

Azərbaycanın koronavirusla mübarizədə keçdiyi yol - VİDEO

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başladı. Qısa müddətdə yayılan bu virus əvvəlcə onlarla, daha sonra isə yüzlərlə, bu gün artıq on minlərlə şəxsin ölümünə səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də yeni koronavirus tərəfindən törədilən bu xəstəliyi COVID-19 adlandırdı. Beləliklə, COVID-19 virusu Ağır Kəskin Respirator Sindrom (SARS) ilə eyni virus ailəsi və adi soyuqdəymənin bəzi növləri ilə əlaqələndirilən yeni virusdur.

2019-cu ilin dekabrından sonra koronavirusa görə Uhanın milyonlarla sakini şəhəri tərk etməyə başladı. İlk günlərdə koronavirus Çində adi xəstəlik kimi qarşılansa da, sonradan onun yoluxucu və öldürücü gücə malik olduğu müşahidə olundu. Virusun qısa müddətdə insanlar arasında sürətlə yayılması əksər ölkələrin müəyyən tədbirlər görməsinə səbəb oldu.

İtalya, ABŞ, Fransa, Almaniya və başqa ölkələrə də sirayət edən koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən martın 11-də yeni pandemiya elan edildi.

 

 

Azərbaycanda bu yoluxucu xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.

Təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan fevralın 29-dan etibarən İranla məhdudlaşdırıcı rejim əsasında sərhədləri bağladı. Ardınca bu qərar Gürcüstan, Türkiyə və Rusiya ilə dövlət sərhədlərinə də tətbiq edildi.

Azərbaycan ərazisində olan həmin ölkə vətəndaşlarının ölkədən çıxması və həmin ölkələrdə olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olundu.

Aprelin 5-dən etibarən isə koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanıldı.

Təhsil müəssisələrində tədrisin davamlılığının təmin olunması məqsədi ilə teledərslər təşkil olundu.

 

 

Beləliklə, bu gün bəşəriyyəti ağuşuna almış koronavirus bəlasına qarşı Azərbaycan nümunəvi mübarizə nümayiş etdirir. Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra Avropa ölkələri rəsmiləri bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri yüksək qiymətləndirirlər. Təbii ki, bunun da səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhlükə yarandığı ilk gündən vəziyyəti tam ciddiyyəti ilə nəzarətə götürmələridir.

Ölkə başçısının ilk gündən atdığı addımlar bütün strukturlar, hətta insanlar üçün nümunə oldu, böyük motiviasiya rolunu oynadı. Məhz bunların sayəsində koronavirusa qarşı uğurla mübarizə aparan ölkələr sırasında Azərbaycan faktiki olaraq ön sıradadır.

Koronavirusla mübarizədə məhz iki amilin vəhdəti uğur gətirə bilər ki, bunlar da dövlət tərəfindən vaxtında və düzgün qərarların qəbul edilməsi və vətəndaşlar tərəfindən yüksək sosial məsuliyyət nümayiş etdirərək bu qərarların qeyd-şərtsiz icra olunmasıdır.

Koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı baş tutdu.

Dövlətin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, biznes sektoruna, o cümlədən əhalinin məşğulluğuna verə biləcəyi mənfi fəsadlarının aradan qaldırılması üçün ayırdığı 1 milyard manat vəsait də bir çox ölkələr üçün nümunəvi addımdır.