Antonio Quterreş: Koronavirusun necə meydana çıxdığını təhlil etmək lazım gələcək
11 Aprel
1402

Antonio Quterreş: Koronavirusun necə meydana çıxdığını təhlil etmək lazım gələcək

BMT-nin Baş katibi Antonio Quterreş koronavirus pandemiyası dövründə Ümumdünya Səhiyyə Təşkilatının işini tənqid etmək əvəzinə, bu bəlanın yayılmasına qarşı birlik və həmrəylik nümayiş etdirməyə çağırıb. Məlumatı TASS verib. 

Baş katib bildirib: “İndi beynəlxalq ictimaiyyətin birgə işləməsi, virusun dayandırılması və nəticələrinin sıfıra endirilməsi üçün birlik vaxtıdır”. Onun sözlərinə görə, infeksiyanın necə meydana çıxdığı və hansı səbəbdən bu qədər tez yayıldığı barədə suala pandemiyanın başa çatmasından sonra da cavab axtarmaq olar. Gələcəkdə virusa qarşı görülmüş tədbirləri və bu böhran vəziyyətinə qarşı reaksiyanı da təhlil etmək lazım gələcək. Məhz bu təhlildən sonra hansısa nəticəyə gəlmək olar.

Qeyd edək ki, BMT rəsmisi bu sözləri ABŞ Prezidenti Donald Trampın ÜST-ün koronavirusla mübarizəsini tənqid etməsindən sonra söyləyib. Tramp bu günlərdə bəyan edib ki, ÜST koronavirusla bağlı vəziyyət ətrafında uğursuz qərarlar qəbul edib və buna görə də onun gələcəkdə maliyyələşdirilməsi məsələsinə yenidən baxmaq lazımdır.

ABŞ Prezidenti bildirib: “ÜST ABŞ-dan çox böyük məbləğdə pul alır. Amma təşkilat ilk vaxtlarda virusun yayılmasının qarşısını almaq üçün Çinlə sərhədləri bağlamağa razılıq vermədi. Onlar bir çox məsələdə səhv etdilər, həddən artıq Çinyönlü mövqe tutdular. Vaxtında həyəcan siqnalı vermədilər. Mübarizəyə bir neçə ay əvvəldən başlamaq lazım idi”.

Tramp, eyni zamanda, bu fikirdədir ki, Çin öz ərazisində koronavirusun yayıldığını uzun müddət gizlədib.